CƏMİYYƏT
Xəlil Kələntər: Vətənimiz Azərbaycanın hər bir guşəsi, hər qarış torpağı bizim üçün müqəddəs olmalıdır























Tokio, 20 may, AZƏRTAC
İstər Şuşa, istər Naxçıvan, istərsə də böyük Azərbaycanın istənilən hər bir qarış torpağı bizim üçün müqəddəs olmalıdır.
Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində Dünya Azərbaycanlılarının V Qurultayının – Zəfər Qurultayının iştirakçısı, elektronika sahəsində tanınmış alim Xəlil Kələntər deyib. X.Kələntər vurğulayıb ki, planetimizin müxtəlif yerlərindən gəlmiş soydaşlarımızın budəfəki toplantısında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev proqram xarakterli nitqində diasporumuzun qarşısında duran vəzifələri xüsusi qeyd edib.
Müsahibəni təqdim edirik:
-Hörmətli Xəlil bəy, bu ilin aprelində dünya azərbaycanlılarının Şuşa şəhərində keçirilən sayca beşinci Zəfər Qurultayının nümayəndəsi olmusunuz. Sizcə, bu Qurultay əvvəlkilərdən hansı xüsusiyyətləri ilə fərqlənirdi? Ümumiyyətlə, V Qurultayın Azərbaycan diasporu qarşısında qoyduğu yeni vəzifələr barədə nə deyə bilərsiniz?
- İlk növbədə, qeyd edim ki, dünya azərbaycanlılarının budəfəki toplantısı əvvəlkilərdən məhz Şuşada keçirilməsi və xalqımızın Vətən müharibəsində böyük Zəfərinə həsr olunması ilə fərqlənirdi. İlk dəfə idi ki, biz qəlbimizdə Qarabağ ağrısı, Şuşa nisgili olmadan Azərbaycana – doğma Vətənə toplaşmışdıq. Məhz bu, bizim hər birimizin qəlbində böyük sevinc və qürur hissi doğurmuşdu. Vətən müharibəsində Qələbəyədək harada olmağımızdan asılı olmayaraq, bizim hər birimiz itirilmiş torpaqlara görə boynubükük vəziyyətdə gəzir, başımızı dik tuta bilmirdik. Amma indi - Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədən sonra sanki hər birimiz həyata yenidən qayıtdıq, yenidən dirildik. Şuşaya çatanda məhz bu hisslər mənim qəlbimə hakim kəsilmişdi - böyük Qələbənin möhtəşəm sevincini yaşamaq hissi. Qısa müddətdə görünməmiş sürətlə və keyfiyyətlə inşa edilmiş Zəfər yolu ilə hərəkət bizim hər birimizdə böyük heyrət doğurmuşdu.
Bizi Azərbaycan mədəniyyətinin paytaxtı, böyük sənətkarların vətəni Şuşaya gətirən avtobus dayandıqdan sonra yerə düşəndə dizlərimi yerə qoyub torpağı öpdüm. Bu, həqiqətən müqəddəs torpaqdır. Düşündüm ki, Vətən müharibəsində böyük Qələbə bizim hamımız üçün mühüm bir dərs oldu. Yəni, bu Qələbə bizə başa saldı ki, hansı işlə məşğul olsan da, heç vaxt geri çəkilmə, öz məqsədinə doğru inamla irəlilə. Başladığın işdən ürəklə yapış, bütün fikrini həmin məqsəd uğrunda cəmlə. Fikrimcə, Vətən müharibəsində Qələbənin kökündə məhz bu məqsədə ürəkdən bağlılıq, həmin Qələbəyə inam və onun əldə edilməsi üçün çəkilən böyük zəhmət dayanırdı. Bundan sonra qarşıda duran vəzifələrə də bu cür yanaşmalı, yorulmaq bilmədən çalışmalıyıq. Bütün dünyada yaşayan azərbaycanlıların gücünü bir yerə toplayaraq, bir hədəfə yönəldərək bu böyük işlərin öhdəsindən gələ bilərik. Bu fikri Azərbaycan Prezidenti, qalib xalqımızın Müzəffər Ali Baş Komandanı İlham Əliyev də Qurultayda xüsusi vurğuladı.
Fikrimcə, diasporumuzun qarşısında duran ən əsas vəzifə, bütün dünyada yaşayan Azərbaycan xalqının nümayəndələrinin sevimli rəhbəri İlham Əliyevin də dediyi kimi, informasiya savaşına qətiyyətlə hazırlaşmaqdır. Dünyanın bir sıra ölkələrində yaşayan ermənilərin bu gün dediyi hər bir sözün qarşısına biz ən azı onunu, yüzünü qoymalıyıq. Bu saxta, nankor və oğru xalqın mahiyyətini açıb bütün dünyaya göstərməliyik. Bunun üçün öz informasiya mənbələrimizi yaratmalı və mövcud kanallardan səmərəli istifadə etməyə çalışmalıyıq. Düşünürəm ki, bunun üçün vahid şəbəkənin yaradılması da məqsədəuyğun olar.
Ümid edirəm ki, diasporumuzun möhtəşəm Qurultayla davam edən gərəkli fəaliyyəti bundan sonra da doğma Vətənimizə xeyir gətirəcək.
-Vətən müharibəsində möhtəşəm Qələbədən sonra ilk dəfə getdiyiniz Azərbaycan sizə hansı təsiri bağışladı? İşğaldan azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə nə deyə bilərsiniz?
- İlk növbədə, insanların çöhrəsindəki sevinci, ürəkdən gələn şadyanalığı, gülüşü vurğulamaq istərdim. Haraya gedirdiksə, kiminlə görüşürdüksə, hamı Qələbədən, torpaqların azad edilməsindən, bu ərazilərdə aparılan nəhəng bərpa və quruculuq işlərindən danışırdı. Çox qısa zamanda görülən böyük işlər hamı tərəfindən yüksək qiymətləndirilirdi, tikilən yeni yollar, aeroportlar, bərpa edilən kənd və şəhərlər hamıda gələcəyə böyük inam yaratmışdı. Azərbaycan ərazicə kiçik olsa da, zəngin təbii sərvətlərə, zəngin və inkişaf etmiş iqtisadiyyata malikdir. Bütün bu potensial düşmən tərəfindən vəhşicəsinə dağıdılmış tarixi-mədəni abidələrimizi bərpa etməyə, ən müasir tələblərə cavab verən “ağıllı yaşayış məntəqələri” salmağa imkan verir. Aparılacaq bərpa işləri həmin ərazilərin həqiqi Azərbaycan torpaqları olduğunu hamıya - həm yerli sakinlərə və qonşulara, həm də bütün dünyaya göstərəcək.
Qədim atəşpərəstlik mənbələrində deyildiyi kimi, fikrimiz də, sözümüz də, hərəkətimiz də düz olacağı təqdirdə, biz bu çətinlikləri tezliklə aradan qaldıra bilərik. Bu, bizim qanımızda, canımızda var və düşünürəm ki, böyük xalqımız bu vəzifələri layiqincə həyata keçirməyə qadirdir.
-Azərbaycana bu dəfə etdiyiniz səfər zamanı ölkəmizin elmi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmısınız. Bildiyimizə görə, həm AMEA-nın elmi-tədqiqat institutları, həm də bir sıra universitetlər sizin elmi fəaliyyətinizlə maraqlanaraq sizə əməkdaşlıq təklif ediblər. Bu istiqamətdə keçirdiyiniz görüşlər, əməkdaşlıq anlaşmaları barədə nə deyə bilərsiniz?
- AMEA rəhbərliyini mənim elmi-praktiki fəaliyyətimə verdiyi qiymət, dünya elminin inkişafına töhfələrimə görə fəxri fərmanla təltif edilməyim, akademiyanın elmi-tədqiqat institutlarında keçirdiyimiz işgüzar görüşlər mənə çox xoş təsir bağışladı. Qəlbim qürur və iftixar hissi ilə dolmuşdu.
Azərbaycana budəfəki səfərimin əsas məqsədlərindən biri də AMEA-da texnologiya profilli müvafiq elmi müəssisə və təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması idi. Bu məqsədlə AMEA Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyaları İnstitutu, Fizika İnstitutu və digər elmi qurumlarda görüşlər keçirdik, geniş fikir mübadiləsi apardıq və qarşılıqlı əməkdaşlığın perspektivlərini müəyyənləşdirdik.
Əməkdaşlıq əlaqələrinin əsas istiqamətlərini apardığım tədqiqatların nəticələrinin, əldə etdiyim təcrübənin paylaşılması, perspektivdə kadr hazırlığı məqsədilə birgə fəaliyyət təşkil edir.
Azərbaycan elminin dünya səviyyəsində tanıdılması istiqamətində bütün imkanlarımızı səfərbər etmək qarşımıza qoyduğumuz ən mühüm vəzifələrdən biridir. Əsas məqsədimiz Azərbaycan elminin inkişafı naminə bu istiqamətdə yerli həmkarlarımızla birlikdə çalışmaqdır. Təbii ki, bu yolda bizə göstərilən hər bir diqqət doğru yolda olduğumuzu göstərir və elmimizin dünya səviyyəsində tanıdılması istiqamətində yorulmadan, inamla, etimadla çalışmağımıza stimul yaradır.
-Səfər çərçivəsində qədim Azərbaycan torpağı Naxçıvana da gedərək burada da bir sıra görüşlər keçirmisiniz. Bəs ilk dəfə səfər etdiyiniz Naxçıvan sizə hansı təsiri bağışladı? Orada keçirilən görüşlər hansı perspektivləri vəd edir?
- Düzü, qədim Azərbaycan torpağı olan Naxçıvan haqqında Yaponiyada müxtəlif kütləvi-informasiya vasitələrində dəfələrlə danışmağıma baxmayaraq, oraya ilk dəfə səfər edirdim.
Səmimi deyim ki, burada da belə böyük diqqət və hörmətlə qaşılanacağımızı gözləmirdim. Naxçıvan Dövlət Universitetinin rəhbərliyi ilə gələcək birgə fəaliyyətin istiqamətləri barədə ilkin fikir mübadiləsindən sonra tələbə və müəllim heyəti ilə görüşümüz keçirildi. Onlara Yaponiyada elmi fəaliyyətin təşkili, təhsil və tədqiqat işlərinin strukturu, şəxsən məşğul olduğum LCD texnologiyaları, LED ekranların yaradılması barədə ətraflı məlumat verdim. İştirakçıların mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırdım.
Sonra Universitet şəhərciyində yaradılmış şəraitlə tanış olduq. Naxçıvan Dövlət Universitetində yaradılan şərait Yaponiyanın ən qabaqcıl ali təhsil müəssisələrindəki şəraitdən heç də geri qalmır. Xüsusən universitet şəhərciyində inşa edilən Texnoloji park mənim diqqətimi cəlb etdi. Universitet rəhbərliyinin bu parkın gələcək fəaliyyəti ilə bağlı əməkdaşlıq barədə təklifini böyük məmnuniyyətlə qəbul etdim.
Səfər çərçivəsində ulu Naxçıvanın qədim tarixi-mədəni abidələri ilə tanışlıq, müasir standartlar səviyyəsində qurulmuş infrastruktur da məni heyran etdi. Deyərdim ki, dünyanın ən nadir yerlərindən biri olan Naxçıvan bu gün özünün çox yüksək səviyyəli inkişaf dövrünü yaşayır. Hər yerdə hökm sürən təmizlik və səliqə-sahman, əsrarəngiz təbiət və yaşıllıqlar həqiqətən də göz oxşayır.
Fikrimcə, istər Şuşa, istər Naxçıvan, istərsə də Azərbaycanın istənilən torpağı bizim üçün müqəddəs olmalıdır. Biz Vətənin torpağının hər qarışını canımız, gözümüz kimi qorumalı, böyük məhəbbətlə sevməliyik. Heç bir düşmənin bu torpaqlarda ağalıq etməsinə imkan verməməliyik. Bu gün doğma Azərbaycanımız bunun üçün lazım olan həm güclü iradəyə malik liderə, həm dinamiki inkişafa, həm də vətənini dərin məhəbbətlə sevən insanlara malikdir.
-Maraqlı müsahibəyə görə çox sağ olun.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio