CƏMİYYƏT
“Xəmsə” milli intellektual oyununun final mərhələsi dekabrın11-də keçiriləcək
Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 11-də “Xəmsə” milli intellektual oyunu üzrə yeniyetmələr arasında V Azərbaycan çempionatının final mərhələsi keçiriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizin 26 rayonundan 32 komandanın qatıldığı çempionat nazirliyin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə layihəsidir.
Xatırladaq ki, bu il “Xəmsə” milli intellektual oyununun 10 illiyi qeyd edilir. Ötən illərdə bu intellektual oyunda minlərlə insan iştirak edib. Layihə artıq beynəlxalq status daşıyır. Dünyanın 18 ölkəsinin 52 şəhərində təşkil edilən “Xəmsə” yarışlarının ən gənc oyunçusunun yeddi, ən yaşlı oyunçunun isə yetmiş yaşı var.
“Xəmsə” oyunu üzrə yeniyetmə və gənclər arasında turnirlər və ölkə çempionatları, həmçinin müxtəlif tematik yarışlar keçirilir.