CƏMİYYƏT


Xəstəyə süni ürək köçürülməsi onun həyatını xilas edib

Bakı, 11 fevral, AZƏRTAC

“Xəstə həyatla ölüm arasında çarpışırdı. Bəlkə də onun ürəyi həyatının ən son ritmlərini vururdu. Ona görə də onu həftənin bazar günü təcili olaraq əməliyyat stoluna çıxardıq. Əməliyyat zamanı xəstənin döş qəfəsini açanda onun həyatının son anları olduğuna bir daha şahid olduq”, - deyə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin ürək-damar cərrahı Anar Əmrah apardığı ürəkköçürmə əməliyyatı barədə məlumat verib.

AZƏRTAC xəbər verir ki, əməliyyat beş ildən bəri ürək və ağciyər çatışmazlığından əziyyət çəkən 55 yaşlı xəstə üzərində aparılıb. Kardioloqlar Abbasəli Abbasəliyev və Şahin Xəlilov xəstəni müayinə etdikdən sonra yeganə çıxış yolunun ürək implantasiyası olduğu qənaətinə gəliblər.

Ürək-damar cərrahı Anar Əmrahın verdiyi məlumata görə, xəstənin sol mədəciyində də çatışmazlıq olması vəziyyəti daha da mürəkkəbləşdirib. Müasir tibdə belə xəstələrin müalicəsi üçün iki yol var: ya ürək və ağciyəri birlikdə transplantasiya etmək, ya da süni ürək köçürülməsi.

Cərrah əməliyyat barədə danışarkən deyib: “Biz bu variantlar arasında daha çox mümkün olan süni ürək köçürülməsinə qərar verdik. Əməliyyat zamanı xəstənin ürək və ağciyərini süni aparata qoşduq. Aparılan əməliyyat nəticəsində süni ürək cərrahi yolla ürəyin zirvəsinə yerləşdirildi. Xəstənin ağciyər təzyiqi yüksək olduğuna görə nitrid-oksid deyilən qazla həmin orqanda təzyiqin enməsinə nail olduq. İki gün sonra əməliyyat olunan xəstəni süni tənəffüs aparatından ayırdıq. Artıq bütün narahatlıqlar arxada qalıb və xəstə özünü tam normal hiss edir”.

Onun verdiyi məlumata görə, ağır ürək və ağciyər xəstələrinə ürək köçürülməsi daha mürəkkəb bir prosesdir və xəstə bütün həyatı boyu bədən müqavimətini aşağı salan dərmanlar qəbul etməlidir. Süni ürək əməliyyatı köçürülən xəstələr isə yalnız qanduruldan dərmanlar içməklə və mütəmadi olaraq süni ürək aparatının batareyalarını dəyişməklə yaşamaqda davam edir.

Onu da qeyd edək ki, xəstəyə köçürülən süni ürək çəkisi 160 qramdır və dəqiqədə 8-10 litrə qədər qanı orqanlara ötürə bilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.