CƏMİYYƏT
Xətai rayon sakinləri icbari tibbi müayinədən keçir
Bakı, 14 fevral, AZƏRTAC
Ölkə Prezidentinin əhalinin icbari tibbi müayinədən keçirilməsi tapşırığına uyğun olaraq paytaxtın Xətai rayonunda bir neçə gündür ki, əhalinin tibbi müayinəsinə başlanılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, kampaniyanın yüksək səviyyədə aparılması məqsədilə icra hakimiyyəti tərəfindən komissiya yaradılıb. Yaradılan işçi qrupu əhalinin vacib kampaniyaya mütəşəkkil cəlb edilməsi üçün müvafiq təbliğat işləri aparır. Rayonda fəaliyyət göstərən bütün səhiyyə ocaqları ən son texnologiyalara uyğun, müasir tibbi avadanlıqlarla təchiz edilməsi sakinlərin lazımi qaydada müayinədən keçməsinə zəmin yaradır.
Aksiya çərçivəsində sakinlər rayon ərazisində yerləşən 6, 7, 28, 38 nömrəli şəhər poliklinikalarında, 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında və Zığ Sağlamlıq Mərkəzində rentgen, ultrasəslə müayinə, stomatoloq, terapiya və digər növ müayinələrdən keçəcək, ehtiyacı olanlara ambulator və stasionar müalicə xidməti göstəriləcəkdir.