CƏMİYYƏT
Xətai rayonunda Qarabağ müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib
Bakı, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 14-də Bakının Xətai rayonunda Qarabağ müharibəsi şəhidi Məmmədzadə Kəmaləddin Vüqar oğlunun xatirə lövhəsinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov və başqaları çıxıb ediblər.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbədə şəhidlərimizin göstərdiyi şücaətdən danışılıb, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalqımız tərəfindən daim əziz və uca tutulacağı bildirilib.
Şəhidin ailə üzvləri, müəllimləri, yaxınları çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, Vətən uğrunda canından keçən insanlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, eləcə də rayon ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər.
Sonra məktəblilər Vətənə, Ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.
Qeyd edək ki, şəhid Məmmədzadə Kəmaləddin Vüqar oğlu Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının işğaldan azad edilməsində xüsusi fədakarlıq göstərib, noyabrın 8-də Şuşa şəhərinin azadlığı uğrunda döyüşərkən şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Məmmədzadə Kəmaləddin Vüqar oğlu "Vətən uğrunda" , "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
Şəhid Saatlı rayonunun Minbaşıllı kənd Şəhidlər xiyabanında dəfn edilib.