CƏMİYYƏT
Xətai rayonunda bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
Bakı, 22 noyabr, AZƏRTAC
Xətai rayonundakı 260 nömrəli orta məktəbdə dekabrın 23-də ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərlə görüş olub.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, 34 saylı Xətai ikinci dairə seçki komissiyasının sədri Rafael Mehdiyev, 260 nömrəli tam orta məktəbin direktoru Kəmalə Quliyeva və digərləri çıxışlarında ölkəmizdə gənclər üçün yaradılan yüksək şəraitdən, onlara göstərilən diqqət və qayğıdan danışıblar. Gənclərə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunan seçki hüququndan istifadə etməyi və seçkilərdə fəallıq göstərmələri tövsiyə edilib.
Tədbirin nəzəri hissəsində 34 saylı Xətai ikinci dairə seçki komissiyasının sədri Rafael Mehdiyev seçkilərə hazırlıq prosesində görülən işlər, səsvermə prosesi, onun hüquqi əsasları və tənzimlənməsi məsələləri barədə gənclərə ətraflı məlumat verib, onların suallarını cavablandırıb.
Maarifləndirmə tədbirinin praktiki hissəsində səsvermə prosesi gənclərə nümayiş olunub.