CƏMİYYƏT


Xətai rayonunda narkotiklərin satışını təşkil edən, qanunsuz silah-sursat saxlayan şəxslər tutulublar

Bakı, 17 mart, AZƏRTAC

Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən, üzərində qanunsuz odlu silah-sursat gəzdirən, habelə mülkiyyət əleyhinə cinayətlər törədən şəxslərə qarşı xüsusi əməliyyatlar keçirilib. Xətai Rayon Polis İdarəsinin və ərazi polis orqanlarının martın əvvəlindən keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 48 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.

Qeyd olunub ki, araşdırma zamanı saxlanılanların bir neçəsinin əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum edilmiş şəxslər olduqları müəyyənləşdirilib. Onların üzərindən, yaşadıqları evlərdən külli miqdarda heroin, marixuana və metamfetamin aşkarlanıb.

Rayon polis idarəsinin 34-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı isə üzərində qanunsuz olaraq silah gəzdirən Zamir Cəlilov saxlanılıb. Ondan bir ədəd “Revolver” tipli yivli tapança və həmin silaha aid patron aşkar edilib. Zamir Cəlilov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı isə rayon və paytaxtın digər ərazilərində avtomobillərdən silsilə oğurluqlar edən Fikrət Cəlilov tutulub. Həmin şəxs Bakıda müşahidələr apararaq qapısı sahibi tərəfindən açıq saxlanılan nəqliyyat vasitələrinin salonlarından mobil telefonlar, pul kisələri, noutbuklar və digər qiymətli əşyalar oğurlayıb. Fikrət Cəlilovun paytaxt ərazisində digər bu kimi cinayətlər törədib-törətmədiyinin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davan etdirilir.

Rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri sonuncu əməliyyat zamanı isə avtomobillərin ehtiyat hissələrinin satıldığı obyektlərdən birindən oğurluqlar edən Ceyhun Allahverdiyev və qardaşı Cəsarət saxlanılıblar. Bu şəxslər müxtəlif vaxtlarda həmin obyektə üç dəfə daxil olaraq oradan xarici markalı nəqliyyat vasitələrinin katalizatorlarını oğurlayıblar. Ceyhun və Cəsarət Allahverdiyevlər bu yolla zərərçəkənə ümumilikdə 33 min manat maddi ziyan vurublar.

Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər hüquqpozmalara qarşı polis əməkdaşları mübarizə tədbirlərini davam etdirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.