CƏMİYYƏT
Xətai rayonundakı Heydər Parkı yenidənqurma işlərindən sonra istifadəyə verilib
Bakı, 15 avqust, AZƏRTAC
Xətai rayonunda Nəsrəddin Tusi, Neapol və Vunq-Tau küçələrinin əhatəsində yerləşən Heydər Parkı əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib. Parkda təmir işləri “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilati dəstəyi ilə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən aparılıb.
AZƏRTAC xəbər verir ki, parkda aparılan yenidənqurma işləri çərçivəsində 30 mindən çox ağac və gül kolu əkilib, 9 hektar əraziyə qazon örtüyü döşənib, 7 kilometr piyada və 1,1 kilometr velosiped zolağı salınıb, işıq dirəkləri və oturacaqlar quraşdırılıb, məlumat lövhələri qoyulub, həmçinin ərazidə avtodayanacaq yaradılıb. Ərazidə olan şəlalə və fəvvarə kompleksi təmir edilib. Piknik sahələrinin də mövcud olduğu parkda uşaqlar və böyüklər üçün 5 fərqli məkanda idman və əyləncə sahələri ayrılıb, lazımi avadanlıqlar quraşdırılıb. Parkdakı monitor yenisi ilə əvəz edilib, mədəni-kütləvi tədbirlərin təşkili üçün 918 yerlik amfiteatr qurulub.
Aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sosial-ekoloji hədəflərin reallaşdırılmasına, paytaxt sakinlərinin və qonaqların asudə vaxtlarının səmərəli təşkilinə öz töhfəsini verəcək.