ELM VƏ TƏHSİL
Xətai və Binəqədi rayonları üzrə “Məktəb seminarları”
Bakı, 11 mart, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Məktəb seminarları”nın növbəti sessiyaları Xətai və Binəqədi rayonlarının ümumtəhsil müəssisələrini əhatə edib.
Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, “Məktəb seminarları” layihəsinin məktəb direktorları üçün təşkil olunan sessiyasında BŞTİ-nin müdiri Rəşad Tağıyev “Ümumi təhsildə keyfiyyət ili” ilə əlaqədar həyata keçirilən inkişafyönümlü tədbirlərdən, paytaxt təhsilinin inkişafı istiqamətində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib. O, “Məktəb seminarları” layihəsinin əhəmiyyətindən və müzakirə olunan məsələlərin nəticələrindən də danışıb.
Müxtəlif sessiyalarda rayonlar üzrə məktəblərin keyfiyyət göstəriciləri, məktəbdaxili qiymətləndirmə işinin təşkili, I sinfə qəbul, məktəbəhazırlığın təşkili, keyfiyyətə nəzarət işi, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, ictimaiyyətlə əlaqələr, təhsil müəssisələrinin uğurlarının daha dolğun təbliği və digər mövzularda çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qruplar şəklində təşkil olunan sessiyalarda ümumtəhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, məktəbdaxili metodik işə nəzarət, məktəbdənkənar təhsilin mövcud ehtiyaclar əsasında düzgün qurulması, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, şagirdlərə psixoloji xidmətin düzgün təşkili, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi məsələləri də müzakirə olunub.
Həmçinin “Məktəb seminarları” layihəsi çərçivəsində idarənin ictimaiyyətlə əlaqələr sektorunun əməkdaşları tərəfindən məktəb saytlarını idarə edən şəxslər üçün saytların daha da təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması ilə bağlı təlimlər keçirilib.
Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.
“Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, bu prosesdə BŞTİ-nin və tabeliyindəki məktəblərin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.