ELM VƏ TƏHSİL
“Xəyal et” İKT yay düşərgəsi başa çatıb
Bakı, 27 iyun, AZƏRTAC
İyunun 27-də ADA Universitetində “Xəyal et” qızlar üçün İKT yay düşərgəsinin bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, layihə UNESKO-nun maliyyə dəstəyi, Təhsil Nazirliyinin təşkilatçılığı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ADA Universiteti, “Mars Academy” və Sağlam Düşüncə Gənclər Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılıb. Layihədə respublikanın ucqar bölgələrindən seçilmiş VII-VIII sinif şagirdləri olan məktəbli qızlar iştirak ediblər.
Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdir müavini Arzu Qarayev layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, layihənin əsas məqsədi məktəbli qızların informasiya-kommunikasiya texnologiyaları sahəsinə marağının artırılması və onların gələcək karyera seçimində aidiyyəti sahələr üzrə ixtisaslara yönəlməsinə dəstək olmaqdır.
Nazirlik tərəfindən peşəyönümlü layihələrin daim dəstəkləndiyini deyən Arzu Qarayev qeyd edib ki, məktəblilərin İKT sahəsində əldə etdikləri biliklər onların gələcək həyatında önəmli rol oynayacaq.
Nazirliyin sektor müdiri, layihə rəhbəri Ayla Həsənova yeniyetmələrin informasiya-kommunikasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində görülən işlər barədə danışıb. Qeyd edib ki, düşərgə müddətində məktəbli qızlar kodlaşdırma, müxtəlif proqramlaşdırma dilləri üzrə gündəlik təlimlərdə, ixtisas seçimi ilə əlaqədar test və sorğularda, robototexnika və modelləşdirmə üzrə ustad dərslərində, idman və mədəni tədbirlərdə iştirak ediblər.
Düşərgə çərçivəsində iştirakçıların informasiya texnologiyaları sahəsində biliklərinin artırılması, daha ətraflı məlumatlar əldə etməsi, İKT və aidiyyəti üzrə ixtisaslaşmış müxtəlif qurumlarla tanışlıq məqsədilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Agentliyinə, Bakı Ali Neft Məktəbinə, Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən Qala Eko-Parkına, “Marc Academy” şirkətinə, Elektron Hökumət Mərkəzinə təlim-təcrübə turları təşkil olunub.
Ayla Həsənova məlumat verib ki, layihə sayəsində məktəbli qızlar arasında informasiya texnologiyaları sahəsinə maraq daha da artacaq və gələcəkdə layihənin 1000 nəfəri əhatə etməsi gözlənilir.
Daha sonra Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev şagirdlərin informatika fənni üzrə keçirilən olimpiadalardakı uğurlarından danışıb və İKT sahəsində karyeraya başlamaq istəyən qadınlarla birbaşa ünsiyyət qurulması və onlara bu istiqamətdə yardım göstǝrilmǝsi baxımından layihənin əhəmiyyətli olduğunu söyləyib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov və digər çıxış edənlər mövzunun aktuallığını vurğulayıblar.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.