CƏMİYYƏT
Xəzər dənizində Azərbaycanın dövlət sərhədini pozan İran vətəndaşları saxlanılıb
Bakı, 26 iyul, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində rejim qaydalarına nəzarətin gücləndirilməsi ilə bağlı zəruri tədbirləri uğurla davam etdirir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, iyulun 24-də saat 23:30 radələrində Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus hissəsinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi İran İslam Respublikası tərəfdən Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq şimal istiqamətində sürətlə hərəkət edən hədəf aşkarlayıb.
Sərhəd gözətçi gəmisi tərəfindən hədəfin saxlanılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilib. Hədəfin “Yamaha-200” mühərrikli “Layner” tipli qayıq olması müəyyən edilib. Qayıq üç saat ərzində təqib edildikdən sonra saat 02:45 radələrində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi istiqamətində saxlanılıb. Saxlanılmış qayığa və qayıqda olan İran İslam Respublikasının vətəndaşları – 1989-cu il təvəllüdlü Ramazani Omid Nirəc və Rəhimpur Rza Behrac oğlunun üzərinə baxış zamanı 1 kiloqram tiryəkə oxşar maddə, 12 kalibrlik “Maqnum” markalı beşaçılan tüfəng, 3 patron və 1 bıçaq aşkarlanıb.
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.