ELM VƏ TƏHSİL
Xəzər dənizinin Azərbaycan sektorunda sualtı arxeoloji tədqiqatların aparılması perspektivləri araşdırılıb
Bakı, 13 aprel, AZƏRTAC
Rusiya Coğrafiya Cəmiyyəti Sualtı Tədqiqatlar Mərkəzinin mütəxəssislərindən ibarət nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə Xəzər dənizinin Azərbaycan sektorunda sualtı arxeoloji tədqiqatların aparılmasının perspektivləri müzakirə edilib.
İnstitutun direktoru, professor Maisə Rəhimova ötən əsrin 60-80-ci illərində mərhum arxeoloq Viktor Kvaçidze tərəfindən sualtı arxeoloji tədqiqatların aparıldığını rusiyalı qonaqların diqqətinə çatdırıb.
Bu sahədə böyük təcrübəyə malik olan qonaqlar Azərbaycanda da sualtı arxeoloji tədqiqatlar aparmaq arzusunda olduqlarını söyləyiblər.
Görüşdə qeyd olunub ki, respublikamızda yalnız sovet dövründə sualtı arxeoloji tədqiqatlar aparılıb və bu sahənin hazırda xarici ölkə alimlərinin dəstəyi ilə yenidən dirçəldilməsi aktual problemlərdən biri olaraq qalmaqdadır. Gələcəkdə sualtı arxeologiya üzrə milli mütəxəssislərin hazırlanmasına zəmin olacaq birgə sualtı arxeoloji tədqiqatların aparılmasının vacibliyi vurğulanıb.