CƏMİYYƏT
Xəzər rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları ilə görüş keçirilib
Bakı, 1 iyun, AZƏRTAC
İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xəzər rayonunda şəhid və qazi övladları ilə görüş keçirilib, Zirə Eko-Parka ekskursiya təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Zirə Mədəniyyət Mərkəzi - Eko Parkın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xəzər RİH başçısının müavini Lalə Əhmədova, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin kollektivi, Rayon Gənclər və İdman İdarəsinin könüllü gəncləri, şəhid və qazilərin övladları iştirak ediblər.
Xəzər RİH başçısının müavini Lalə Əhmədova və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Sitarə Əhmədova tədbirdə çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı tarixi Zəfərdən danışıb, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildiriblər.
Tədbirdə uşaqlara nağıl animatorları və sehrbazlar tərəfindən əyləncəli proqramlar təqdim edilib, milli və müasir rəqslərdən ibarət fləşmob keçirilib.
Sonda açıq havada piknik təşkil edilib, uşaqlara hədiyyələr təqdim olunub və xatirə şəkili çəkilib.
Şəhid ailələri onlara göstərilən daimi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.