CƏMİYYƏT
Xəzər rayonunda tanışını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 11-də saat 16 radələrində Gürcüstan vətəndaşı - Xəzər rayonu Südçülük sovxozu ərazisində yaşayan 1966-cı il təvəllüdlü Məmmədov Canpolad Alı oğlunun öldürülməsi barədə Xəzər Rayon Prokurorluğuna məlumat verilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1978-ci il təvəllüdlü İbrahimov Heydər Məhəmməd oğlunun aralarında yaranmış mübahisə zamanı soyuq silahdan istifadə etməklə Canpolad Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Heydər İbrahimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş̧ üzrə zəruri istintaq tədbirləri davam etdirilir.