REGİONLAR
Xırdalan şəhərində 200 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətləri yaxşılaşacaq
Xırdalan, 21 may, Ətrabə Rzayeva, AZƏRTAC
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Abşeron yarımadasında əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi layihə çərçivəsində Xırdalan şəhərində içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri uğurla aparılır.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quluyev AZƏRTAC–a bildirib ki, layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla, Xırdalan şəhərində 200 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. İcrasına 2017-ci ilin iyul ayında başlanan layihəyə əsasən, Xırdalan şəhərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi hesabına aparılacaq. Buradan götürülən suyun Xırdalan şəhərinə verilməsi məqsədilə Ceyranbatan-Zirə magistral su xətti üzərində hər birinin tutumu 10 min kubmetr olan +118 “Abşeron” və +82 “Masazır” su anbarlarının, həmçinin anbarlardan şəhərə qədər 4,5 kilometr uzunluğunda 1020 və 820 millimetr diametrli magistral su xəttinin tikintisi nəzərdə tutulur.
“Hazırda tutumu 10 min kubmetr olan +118 “Abşeron” su anbarının inşası davam etdirilir, +82 “Masazır” su anbarının tikintisinə isə hazırlıq görülür”, - deyən İ.Quluyev bildirib ki, Xırdalan şəhərində 168 kilometr paylayıcı su şəbəkəsi tikiləcək, 21 min 170 ədəd ev birləşməsi veriləcək, abonentlər sayğaclarla təmin olunacaq. Artıq paylayıcı su şəbəkəsinin 75 kilometrlik hissəsində işlər yekunlaşıb və ev birləşmələrinin verilməsinə başlanılıb. Bununla yanaşı, yanğın təhlükəsizliyi məqsədilə şəbəkə üzərində 570 yanğın hidrantının quraşdırılması da nəzərdə tutulur.
Eyni zamanda, Xırdalan şəhərinin kanalizasiya infrastrukturu da yenidən qurulur. İnşası nəzərdə tutulan 109 kilometr kanalizasiya şəbəkəsinin 37 kilometri tikilib. Layihə üzrə tikinti-quraşdırma işlərinin 2019-cu ildə başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, 2006-cı ildə şəhər statusu almış Xırdalanın mövcud su təchizatı və kanalizasiya sistemləri 1960-cı illərdən başlayaraq mərhələlərlə yaradılıb. Son dövrlər Xırdalan şəhərinin inkişafı, sənaye müəssisələrinin və əhalinin artımı səbəbindən mövcud infrastruktur tələbatı qarşılamaq iqtidarında deyil. Hazırda Xırdalan şəhərində yaranan tullantı suları bir neçə mərhələdə Hövsan Aerasiya Stansiyasına axıdılır. Gələcəkdə tullantı sularının Lökbatanda inşa olunacaq tullantı sutəmizləyici qurğuya yönəldiləcəyi nəzərdə tutulur.