REGİONLAR
Xırdalanda abadlıq-quruculuq işləri davam etdirilir
Xırdalan, 15 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq ölkəmizin bütün regionlarında olduğu kimi, Abşeron rayonunda da mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində rayonun mərkəzi küçələrində, məhəllədaxili yollarında, yaşayış evlərinin fasad və dam örtüklərində, park və meydançalarda, həmçinin digər infrastruktur sahələrdə yenidənqurma və əsaslı təmir işləri aparılır.
Abşeron Rayon İcra Hakimiyyətindən AZƏRTAC–a bildirilib ki, son illərdə 60-dan çox ünvanda rayonun daxili imkanları ilə əsaslı yenidənqurma işləri aparılaraq nümunəvi məhəllələr yaradılıb. Bununla rayonun ekoloji mühiti xeyli sağlamlaşdırılıb, on minlərlə rayon sakininin, xüsusilə azyaşlı və ahılların istirahəti, asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli şərait təmin olunub.
Hazırda Xırdalan şəhərində 27-ci məhəllədə “Nümunəvi məhəllə” layihəsi çərçivəsində qanunsuz zəbt edilmiş daş və ya metal torla hasarlanmış ərazilərin sökülərək təmizlənmiş yerlərində Eldar şamı ağacının tingləri əkilib və suvarılıb. İlk iməcilik zamanı 300 ting əkilib. Yaşıllıq sahəsinin mühafizəsi və tinglərə vaxtaşırı qulluq üçün də tədbirlər görülüb.