REGİONLAR
Xırdalanda kənd təsərrüfatında karbon qazı tullantılarının azaldılması məsələləri müzakirə olunub
Xırdalan, 17 may, AZƏRTAC
Yer Kürəsində baş verən iqlim dəyişikliyinin əsas səbəbi tullantıların atmosferə buraxılmasıdır. Ötən on il ərzində planetin ümumi hərarəti artıb. Əgər tullantıların artması davam edərsə, Yerin temperaturu əsrin sonunadək 11 dərəcə arta bilər. Bu isə Yer Kürəsinin iqlimində kəskin dəyişikliklərə və qarşısıalınmaz fəsadlara gətirib çıxara bilər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin təşkilatçılığı ilə “Kənd təsərrüfatı sektorunda karbon qazı tullantılarının azaldılması” mövzusunda Xırdalan şəhərində keçirilən maarifləndirici tədbirdə səsləndirilib.
Heyvandarlıqla məşğul olan fermerlərin və kənd təsərrüfatı mütəxəssislərinin iştirak etdikləri tədbirdə Departamentin direktorunun müavini İmran Əbdülov, qurumun şöbə rəisi Ceyhun Həsənov mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.
Qarşılıqlı diskussiya şəraitində keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.