CƏMİYYƏT
Xırdalanda yol polisləri ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparıblar
Bakı, 16 iyun, AZƏRTAC
Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində aparılan məqsədyönlü tədbirlər nəticəsində əldə olunan uğurların qorunub saxlanılması üçün qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə tədbir Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən Xırdalan şəhərində keçirilib. Tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə izahedici söhbətlər aparılıb. Yol polisləri onları ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni, tibbi maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.
Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən sərnişinlər və sürücülər yol polisinin əməkdaşları tərəfindən müəyyənləşdiriliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbirləri görülüb.
Həmçinin profilaktik tədbir zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.
Qeyd edək ki, Abşeron rayonu ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin olunması, eləcə də ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərin müəyyənləşdirilməsi məqsədilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
Bir daha vətəndaşlardan tələb olunur ki, Nazirlər Kabinetinin müvafiq qərarına əməl edərək şəhərlərarası və şəhərdaxili sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində tənəffüs yollarını qoruyan fərdi qoruyucu maskalardan mütləq şəkildə istifadə etsinlər.