REGİONLAR
Xızıda ana 3 azyaşlı övladı ilə birlikdə itkin düşüb
Xızı, 20 yanvar, Elxan Yusifli, AZƏRTAC
Xızı rayonu ərazisində ana və 3 övladı itkin düşüb.
Rayon Polis Şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə rayonun Qızıldərə ərazisində yerləşən fermada müvəqqəti yaşayan, əslən Qubanın Dalıqaya kəndindən olan İsayev Səxavət Şahabbas oğlu yanvarın 18-də Daxili İşlər Nazirliyinin (DİN) “102” xidməti zəng mərkəzinə müraciət edərək yoldaşı və 3 övladının itkin düşdüyü barədə məlumat verib. O müraciətində bildirib ki, həyat yoldaşı 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı yanvarın 17-si günorta saatlarında 9 yaşlı qızı Nurcanı, 8 yaşlı oğlu Nurlanı və 1 yaşlı oğlu Sərxanı götürərək yaşadıqları fermadan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
İsayeva Əfsanə Cəmil qızının əlamətləri: boyu təxminən 160 santimetr, çəkisi 55-60 kiloqramdır, qaraşın və arıq bədən quruluşludur. Gözlərinin rəngi qəhvəyi, saçları qara-şabalıdı rəngli olmaqla uzundur. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, qara rəngli ətək, ayağında alçaqdaban çəkmə olub.
Nurcan İsayevanın əlamətləri: boyu təxminən 1 metr, saçı qara şabalıdı rəngdədir. Evdən çıxarkən əynində ağ zolaqları olan qırmızı gödəkçə, ayağında tünd rəngli qış çəkməsi olub.
Nurlan İsayevin əlamətləri: boyu təxminən 80 santimetr, saçı qara şabalıdı rəngdədir. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, ayağında qara rəngdə qış çəkməsi olub.
Bu şəxsləri görənlərdən DİN-nin “102” xidmətinə, Xızı RPŞ-nə (023) 315-01-31 və (055) 366 33 54 nömrəsinə məlumat vermələri xahiş edilir.