QAN YADDAŞI
Xocalı faciəsi: heç kəs unudulmur, heç nə yaddan çıxmır
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Kollecində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunan “Heç kəs unudulmur, heç nə yaddan çıxmır” mövzusunda tədbir keçirilib.
Kollecdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları tələbələrin Xocalı soyqırımı ilə bağlı hazırladıqları rəsm sərgisinə baxıblar.
Tədbirdə kollecin direktoru Qulu Novruzov Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilən ən dəhşətli faciələrdən biri olduğunu deyib. Diqqətə çatdırılıb ki, faciədən 26 il keçməsinə baxmayaraq, vəhşicəsinə, xüsusi amansızlıq və qəddarlıqla qətlə yetirilən soydaşlarımızın, qəhrəman oğul və qızlarımızın əziz xatirəsi dünyanın müxtəlif ölkələrində ehtiramla anılır.
Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Boran Əziz gənc nəsildə vətənpərvərlik hisslərinin aşılanmasının, Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı soyqırımı dünyanın müxtəlif ölkələrində tanıdılır.
Sonda Xocalı faciəsinə həsr olunan film və tələbələrin ifasında “Ruhlar”, “Ana fəryadı” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş edilib.