QAN YADDAŞI


Xocalı faciəsi qurbanlarının xatirəsi Melburnda da yad edilib

Melburn, 23 fevral, AZƏRTAC 

Avstraliyanın Melburn şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyası və Azərbaycanın Avstraliyadakı səfirliyi tərəfindən təşkil edilən tədbirə Viktoriya parlamentinin deputatları, ictimai xadimlər, Melburnda yaşayan həmyerlilərimiz və media təmsilçiləri qatılıblar.

Tədbirdə Milli Məclisin deputatları - Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də iştirak ediblər.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Xocalı soyqırımı haqqında Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə 27 il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən törədilən faciə barədə ətraflı məlumat verib. Qeyd edib ki, dünyanın bir çox ölkələri, eyni zamanda, ABŞ-ın bir neçə ştatı Xocalı faciəsinə hüquqi-siyasi qiymət verərək onu soyqırımı kimi tanıyıb. E.Həbibzadə Avstraliyanın federal və ştat parlamentlərinin də bu faciəyə hüquqi-siyasi qiymət verməsinin vacibliyini vurğulayıb və onları tezliklə bu addımı atmağa çağırıb.

Asim Mollazadə Xocalı faciəsi haqqında danışaraq vurğulayıb ki, bu cinayəti törədənlərə qarşı beynəlxalq səviyyədə tədbirlər görülməlidir. Bu proses Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının tərkib hissəsidir.

Toplantıda çıxış edən Viktoriya ştatı parlamentinin sabiq spikeri Brüs Atkinson belə faciələrin gələcəkdə bir daha təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətinin əlbir olmasının vacibliyini qeyd edib.

Xocalı faciəsi ilə bağlı xalqımızın kədərini bölüşdüyünü deyən kölgə hökumətinin multikulturalizm üzrə naziri, deputat Nil Anqus bu ştatda yaşayan Azərbaycan icmasının ictimai-siyasi fəallığı barədə məlumat verib. Bildirib ki, Azərbaycan diasporu tərəfindən təşkil edilən tədbirlər öz yüksək səviyyəsi ilə diqqəti cəlb edir və o, böyük məmnuniyyətlə həmin tədbirlərə qatılır. Bu tədbirlər Viktoriya ştatı ilə Azərbaycan arasında əlaqələrin inkişafına yaxşı təsir göstərir və mühüm körpü rolunu oynayır. Azərbaycan həqiqətlərinin Avstraliya ictimaiyyətinə çatdırılması ilə əlaqədar icma üzvlərini daha fəal olmağa çağıran N.Anqus gələcəkdə də Azərbaycan ilə Viktoriya ştatı arasında əməkdaşlığın inkişafına yardım göstərməyə hazır olduğunu bildirib.

Tədbirdə çıxış edən kölgə hökumətinin hüquq-mühafizə orqanları üzrə naziri, deputat Devid Sautvik Xocalı faciəsi ilə bağlı xalqımızın kədərinə qoşulduğunu bildirərək qeyd edib ki, bu cür cinayətlər həmişə pislənməli və onların bir daha təkrar olunmasına yol verilməmlidir. Azərbaycan icmasının bu faciə ilə əlaqədar Viktoriya ştatının ictimaiyyətinin məlumatlandırılmasında fəaliyyətini müsbət qiymətləndirən D.Sautvik Viktoriya parlamentində parlamentlərarası dostluq qrupunun yaradılmasının iki ölkə arasında əlaqələrin inkişafına mühüm təsir göstərəcəyini də qeyd edib. O, özünün də böyük məmnuniyyətlə həmin qrupun tərkibində olmaq istədiyini vurğulayıb.

Federal parlamentə Liberallar Partiyasından namizəd xanım Keyt Eşmor tədbirdə çıxış edərək Xocalı soyqırımının böyük cinayət olduğunu qeyd edib və bunu bütün insanlıq üçün faciə adlandırıb. Bu faciəni yəhudilərə qarşı törədilən Holokost ilə müqayisə edən K.Eşmor belə cinayətlərin təkrar edilməsinin yolverilməz olduğunu vurğulayıb. Qeyd edib ki, belə faciələri törədənlər mütləq beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Bu məsələdə ədalət bərqərar olmalı, insanlığa qarşı törədilən belə cinayətlər beynəlxalq ictimaiyyət tərəfindən kəskin pislənilməlidir.

Tədbirdə çıxış edənlərin hamısı vurğulayıblar ki, Xocalı soyqırımını törədənlər beynəlxalq hərbi tribunal qarşısında cavab verməli və layiq olduqları cəzanı almalıdırlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Melburn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.