REGİONLAR
Xocalı faciəsi xalqımıza qarşı aparılan etnik təmizləmə siyasətinin qanlı səhifəsidir
Balakən, 26 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliam bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir. Bu faciə iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Xocalı faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar fevralın 26-da Balakəndə keçirilən anım tədbirində səsləndirilib.
Rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə Şəhidlər xiyabanına gələrək, Qarabağ müharibəsində şəhid olan igid həmvətənlərimizin xatirəsinə ucaldılan abidənin önünə gül-çiçək düzüblər.
Sonra tədbir iştirakçıları rayon Mədəniyyət Mərkəzinin foyesində Xocalı faciəsindən bəhs edən rəsm sərgisi ilə tanış olub, mədəniyyət işçilərinin hazırladıqları ədəbi-bədii kompozisiyaya baxıblar.