QAN YADDAŞI
Xocalı faciəsinin qurbanları Ali Hərbi Məktəbdə anılıb
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində keçirilən anım mərasimində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların, eləcə də Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, son 200 ildən artıq bir müddətdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları, ümumiyyətlə, müsəlman-türk əhalisini öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin xəyal etdikləri “böyük Ermənistan” dövləti yaratmaq olub. Məhz Xocalı soyqırımı da bu qanlı siyasətin davamıdır.
Sonra A.Qurbani Xocalı faciəsindən öncəki vəziyyət, 366-cı motoatıcı alayın ermənilərə hərbi texnika, silah-sursat və canlı qüvvə sarıdan yardımı, xaricdən göstərilən maddi və mənəvi dəstək, dinc, silahsız əhaliyə qarşı törədilən vəhşicəsinə qəddarlıqlar və 27 il ötməsinə baxmayaraq, nəinki xocalılılara, o cümlədən bütün bəşəriyyətə qarşı yönəldilmiş bu qanlı cinayətə beynəlxalq qurumların ikili standartları nəticəsində hələ də düzgün hüquqi-siyasi qiymət verilməməsi barədə tədbir iştirakçılarına məlumat verib, bu istiqamətdə ölkə rəhbərliyinin, eləcə də Heydər Əliyev Fondunun mütəmadi olaraq apardığı məqsədyönlü siyasətdən geniş bəhs edib.
Tədbir iştirakçıları Xocalı qurbanlarını ehtiramla yad etməklə yanaşı, bu soyqırımının təşkilatçılarını, havadarlarını və əlləri günahsız insanların qanlarına bulanmış caniləri lənətləyib və işğal altındakı torpaqlarımızı azad edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını bildiriblər.
Anım tədbiri Bakı Bələdiyyə Teatrının “Şanlı Vətən” tamaşasının nümayişi ilə sona çatıb.