QAN YADDAŞI
Xocalı qurbanlarının xatirəsi Sidneydə də anılıb
Kanberra, 1 mart, AZƏRTAC
Xocalı soyqırımı qurbanlarının xatirəsi Avstraliyanın Sidney şəhərində də anılıb.
AZƏRTAC xəbər verir ki, Sidneydəki Avstraliya Azərbaycanlıları Assosiasiyası (AAA) tərəfindən təşkil edilən tədbirə Avstraliyanın Cənubi Uels Ştatının deputatları, media təmsilçiləri, Sidneydə yaşayan həmyerlilərimiz, türk və digər icmaların nümayəndələri qatılıblar.
Tədbiri giriş sözü ilə açan AAA-nın sədri Mikayıl Oyta bildirib ki, Azərbaycan xalqının nümayəndələri artıq 29 ildir erməni silahlıları tərəfindən Xocalı şəhərində törədilən faciə qurbanlarının xatirəsini yalnız ölkə daxilində deyil, onun hüdudlarından uzaqlarda da qeyd edirlər. Faciənin Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcəyini vurğulayan M.Oyta bunun yalnız Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu qeyd edib. Vurğulayıb ki, beynəlxalq ictimaiyyət səylərini birləşərək bütün dünyada belə faciələrin bir daha baş verməməsinə çalışmalıdır.
Tədbirdə çıxış edən Türkiyənin Sidneydəki baş konsulu Əli Sevim qardaş türk xalqının daim doğma Azərbaycanın yanında olduğunu və kədərimizə şərik çıxdığını bildirib. Qeyd edib ki, Xocalıda törədilən faciə bütün dünyada yaşayan insanlara çatdırılmalı və onu törədənlər ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Baş konsul belə hadisələrin gələcəkdə bir daha təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətin əlbir olmasının vacibliyini vurğulayıb.
Avstraliyanın Yeni Cənubi Uels parlamentinin üzvləri xanım Linda Voltz və Paul Linç və digər çıxış edənlər Xocalıda baş vermiş faciəyə bənzər hadisələrin unudulmamasının və zaman-zaman xatırlanmasının vacibliyini vurğulayıblar. Azərbaycan xalqının kədərinə şərik olduqlarını bildirərək, ədalətin tezliklə öz yerini tutacağına əmin olduqlarını qeyd ediblər.
Tədbirdə Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusunun ötən ilin payızında həmin torpaqları erməni işğalçılarından azad etdiyi xüsusi qeyd olunub. Vurğulanıb ki, bu tarixi Qələbə ata-baba torpaqlarından qovulmuş insanların doğma evlərinə qayıtmasına şərait yaradıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra