QAN YADDAŞI
Xocalı sakini: Orda bizi gözləyən var
Bakı, 26 fevral, AZƏRTAC
Üstündən 28 il keçib. Az vaxt deyil. Amma nə qədər keçir-keçsin, neçə il ötür-ötsün, elə bilirəm hər şey dünən olub. Hər dəfə həmin hadisələri xatırlayanda, o məşum və dəhşətli günləri yada salanda əsim-əsim əsir, titim-titim titrəyirəm. 26 fevral gecəsinin dəhşətlərini heç cür soyuqqanlı xatırlamaq olmur. Bu, bir qəsəbəyə, bir şəhərə, bir xalqa qarşı deyil, ümumən insanlığa qarşı yönələn amansız cinayət idi...
AZƏRTAC xəbər verir ki, Xocalı sakini Mehriban Əbilova 1992-ci il fevralın 26-na keçən gecə yaşadığı 7 min əhalisi olan şəhərdə törədilən vandalizmi haqqında belə deyib.
“Soyuq qış gecəsində dağlara, dərələrə, qarlı yollara, meşələrə səpələnən insanların harayına necə biganə qalasan? Analarının qucağında soyuqdan, qidasızlıqdan dad döyən körpələrin ürək parçalayan hönkürtüsünə, gözlərinin qabağında doğmalarını, əzizlərini itirənlərin harayına, ayağını don vuran qız-gəlinlərin ah-vayına dözmək mümkündürmü? Bəs qarlı yollar, meşələr boyu uzanan saysız-hesabsız insan cəsədləri necə? Əlbəttə, bu səhnələrə heç kəs biganə qala bilməz. Qardaşım Məzahir də həmin hadisələrə biganə qala bilməyən və son dərəcə vətənpərvər bir oğul idi. Həmişə deyirdi ki, mən ağır bölgədə olmaq istəyirəm. Xocalıda polis işləyirdi. Qətliam gecəsinədək yerli sakinlərin yaraqlılardan qorunmasında, qocalara, qadınlara, xəstə və kimsəsizlərə yardım göstərməkdə çox böyük fədakarlıq göstərmişdi. Soyqırımı baş verən gecə isə ərazini yaxşı tanıdığından düşmən gülləsindən qurtarmağa çalışan sakinlərin bir neçəsini Ağdam bölgəsinə qədər aparıb, köməksiz qalan həmyerlilərinə yardım əli uzatmaq üçün yenidən geri qayıdıb. Daha bir gedişi isə sonuncu olub. 28 ildir ki, ondan xəbər yoxdur...”
Mehriban hələ də gözlərinin yoldan yığılmadığını bildirib: “O gündən anamın, mənim gözüm yollarda, qulağımız səsdədir. Bizi yaşadan bir qüvvə varsa, o da doğma torpağa dönməkdir. Bizə elə gəlir ki, Xocalıya qayıtsaq, Məzahiri orda görəcəyik. Qardaşım əsl Vətən müdafiəçisi idi, heç vaxt doğma şəhəri tərk etməz. O, orda bizi gözləyir...”