QAN YADDAŞI
Xocalı soyqırımı Azərbaycanın tarixinin ən faciəli səhifələrdən biridir
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də Azərbaycan Texniki Universitetində (AzTU) Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.
AzTU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov Xocalı soyqırımının Azərbaycanın tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu söyləyib. X.Yahudov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələrinin keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayın hərbçiləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan etdiklərini, dinc və günahsız insanların xüsusi qəddarlıqla qətlə yetirdiklərini bildirib. Xocalını və şəhərin aeroportunu müdafiə edərkən şəhid olan Hikmət Nəzərlinin və Elçin Quliyevin AzTU-nun məzunları olduğunu diqqətə çatdırıb.
X.Yahudov ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti nəticəsində faciəyə vaxtında hüquqi-siyasi qiymət verildiyini, Prezident İlham Əliyevin bu qətliamın soyqırımı kimi tanıdılması istiqamətində məqsədyönlü və ardıcıl addımlar atdığını bildirib. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində beynəlxalq miqyaslı tədbirlərin həyata keçirildiyini söyləyib.
Çıxış edənlər faciənin tarixi və siyasi aspektlərindən, Xocalı soyqırımının törədilməsində ermənilərin mənfur maraqlarından söz açıblar.
Sonda tələbələrin ifasında ədəbi-bədii kompozisiya və faciəni əks etdirən videoçarx nümayiş etdirilib.