MƏDƏNİYYƏT
Xocalı soyqırımına həsr edilmiş klipin təqdimatı olub
Bakı, 19 fevral, AZƏRTAC
Beynəlxalq Mətbuat Mərkəzində tanınmış müğənni Coşqun Viləşin, söz və musiqisi Zaur Zeynala aid “Qarabağ” adlı klipinin təqdimatı olub. Klipin rejissoru Vüsal Məmmədov, prodüseri Şahin Yusifovdur. Bu barədə AZƏRTAC-a müğənni özü məlumat verib.
Müğənni bildirib ki, klip Xocalıda baş verən real hadisələr əsasında lentə alınıb. Erməni vandallarının əlinə keçiməməsi üçün qızı Ağcanı öldürən Xoca kişi, meşədə körpəsinin ağlama səsindən qız-gəlinlər əsir düşməsin deyə, balasını sinəsinə sıxıb yaylığı ilə ağzını qapayan Müşkünaz ana və körpə Salatın baladan bəhs edilir, hansı ki, öldüyü zənn edilən körpə Salatın dəfn edilməsi üçün yuyulmağa aparıldığı bulaq başında yenidən tərpənməyə və ağlamağa başlayıb. Klipin çəkilişləri, əsasən, Füzuli rayonu ərazisində və Bakı şəhərində aparılıb.
Klipdə, həmçinin Əməkdar artist Elçin Həşimov və Milli Dram Teatrının aktrisası Rada Nəsibova da iştirak edir.