QAN YADDAŞI
Xocalı soyqırımının ildönümü Qazaxıstanın Atırau Universitetində qeyd olunub
Atırau, 25 fevral, AZƏRTAC
Qazaxıstanın Aktaudakı Baş Konsulluğu Atırau vilayətində “Novruz” milli-mədəni Cəmiyyəti ilə birgə X.Dosmuxamedov adına Atırau Dövlət Universitetində fəaliyyət göstərən Azərbaycan Tarixi və Mədəni İrsinin Araşdırılması Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilən tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilib.
Baş Konsulluğun rəhbəri vəzifəsini icra edən Elmar Məmmədov çıxış edərək ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımı haqqında məlumat verib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasından, ermənilər tərəfindən törədilmiş cinayətin dünya ictimaiyyətinə çatdırılmasından, son illərdə Azərbaycan dövləti və xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən bununla bağlı görülən işlərdən danışıb.
Tədbirdə digər çıxış edənlər Xocalı soyqırımının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biri olduğunu qeyd ediblər.
Qazaxıstan Xalq Assambleyası İnstitutunun direktoru Janna Kıdıralina Xocalı şəhərində dinc əhaliyə qarşı ermənilər tərəfindən törədilmiş cinayətin nəticəsindən dəhşətə gəldiyini qeyd edib, bu hadisəni törədənləri pisləyib. O, qardaş Azərbaycan xalqına bu cür hadisələrin təkrarlanmamasını arzulayıb.
Tədbirdə Atırau vilayətində yaşayan Qazaxıstan vətəndaşı, X.Dosmuxamedov adına Atırau Universitetinin üçüncü kurs tələbəsi, həmyerlimiz Flora Sarayeva türk dünyasının tanınmış sənətçisi Ozan Arifin “Ya Qarabağ, ya ölüm” şeirini söyləyib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan