QAN YADDAŞI
“Xocalım – qan yaddaşım” mövzusunda inşa yazı müsabiqəsinə yekun vurulub
Tərtər, 22 fevral, AZƏRTAC
Tərtər rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalım – qan yaddaşım” mövzusunda inşa yazı müsabiqəsinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqənin birinci mərhələsi rayonun bütün məktəblərində, yekun mərhələsi isə Uşaq-Gənclər Şahmat Məktəbində keçirilib. 44 ümumtəhsil məktəbindən 44 şagirdin iştirak etdiyi yekun turda şagirdlərə iki saat vaxt ayrılıb.
Rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tunarə Məmmədzadə, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, təhsil şöbəsinin nümayəndəsi İntiqam Nuriyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində törətdikləri faciədən bəhs ediblər. Bildirilib ki, inşa müsabiqəsinin keçirilməsi gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması və təbliği məqsədi daşıyır.
Müsabiqənin qaliblərinə Xocalı soyqırımına həsr olunmuş ümumrayon tədbirində diplomlar təqdim ediləcək.