QAN YADDAŞI
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Rumıniyada növbəti aksiya keçirilib VİDEO
Buxarest, 27 fevral, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Rumıniyada növbəti aksiya keçirilib.
Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə keçirilən aksiyanın məqsədi Xocalı soyqırımı ilə bağlı həqiqətləri rumın ictimaiyyətinə çatdırmaq olub.
Tədbir çərçivəsində üzərində “Justice for Khojaly” yazılmış geyimlərdə olan azərbaycanlı tələbələr və rumın gəncləri, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının üzvləri əllərində “Xocalıya ədalət!” plakatları tutaraq paytaxt Buxarestin mərkəzi küçələrində şəhər sakinlərinin diqqətini Ermənistan tərəfindən Xocalının dinc azərbaycanlı əhalisinə qarşı törədilmiş vəhşiliklərə cəlb edib, soyqırımını əks etdirən fotolar nümayiş etdirib və qətliam haqqında rumın dilində nəşr olunan broşürlər və kitablar paylayıblar.
Tələbələrimiz şəhər sakinlərinin Xocalı faciəsinə dair çoxsaylı suallarını cavablandırıb, soyqırımı haqqında məlumat veriblər.
Buxarestin ən çox insan axını olan mərkəzi Unirii prospektində “Xocalıya ədalət!” kampaniyasının qərargahı quraşdırılıb. Petisiyaya qoşulmaq istəyənlər onlayn rejimdə petisiyaya qoşulublar.
2001-ci ildə fəaliyyətə başlayan Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyası qeyri-hökumət təşkilatı kimi Rumıniyada qeydiyyatdan keçib və Azərbaycanın təbliğatı ilə yaxından məşğul olur. Qurum ölkədə fəaliyyət göstərən partiyaların gənclər təşkilatları, vətəndaş cəmiyyəti, tələbələr birliyi, digər qeyri-hökumət təşkilatları ilə sıx əlaqə yaradıb. Assosiasiya hər il olduğu kimi, bu il də fevralın 26-da Rumıniya Senatının sədri Kalin Popesku Tariçanuya Xocalı faciəsinin parlamentdə tanıdılması ilə bağlı rəsmi məktubla müraciət edib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest