CƏMİYYƏT
Xocavənd rayonunda yollara basdırılan minalar polis əməkdaşları tərəfindən aşkarlanıb
Bakı, 24 iyun, AZƏRTAC
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidməti fəaliyyətlərini yerinə yetirərkən kəndlərarası yollarda quraşdırılan Ermənistan istehsalı olan tank əleyhinə minalar aşkar ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, iyunun 23-də Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə nəzarət-profilaktik tədbirlər keçirərkən Ağcakənd kəndinə gedən yolda basdırılan 2 ədəd tank əleyhinə mina aşkarlayıblar. Dərhal bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Agentliyin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman daha 3 ədəd tank əleyhinə mina aşkarlanıb. Aşkarlanan 5 mina zərərsizləşdirilib.
İyunun 24-də rayon ərazisində baş vermiş yanğınla əlaqədar Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları hadisə baş verən yerə gedərkən Düdükçü-Edilli kənd yolunda daha 2 ədəd tank əleyhinə mina aşkarlayıblar. Bu barədə Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Minaların ərazidən götürülməsi istiqamətində tədbirlər davam etdirilir.