QAN YADDAŞI
Xorvatiyada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycanın Xorvatiyadakı səfirliyi və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Zaqreb şəhərinin “Tərəqqi” Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfir Fəxrəddin Qurbanov çıxış edərək Xocalı faciəsi barədə geniş məlumat verib. Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının dağıdıldığını, dinc əhaliyə qarşı xüsusi amansızlıqla qırğın həyata keçirildiyini deyib. Səfir Xocalı soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 mülki şəxsin öldürüldüyünü, 1000 nəfərin yaralandığını, 1275 nəfərin əsir götürüldüyünü və indiyədək Xocalının 150 sakininin itkin hesab olunduğunu bildirib.
F.Qurbanov vurğulayıb ki, Xocalının mülki əhalisinə qarşı sadəcə azərbaycanlı olduqları üçün məqsədli şəkildə qırğın həyata keçirilib. Ermənistan tərəfindən Azərbaycana qarşı başladılan müharibənin səbəblərinin və nəticələrinin ümumi qiymətləndirilməsi qəti şəkildə sübut edir ki, Xocalının mülki əhalisinin və müdafiəçilərinin məqsədli şəkildə qırğını təsadüfi hərəkət deyil, əksinə Ermənistanın geniş yayılmış və sistemli şəkildə həyata keçirilmiş amansız etnik təmizləmə siyasətinin tərkib hissəsi olub. Səfir məlumat verib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmiş “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib. Kampaniya bir çox ölkələrdə səmərəli həyata keçirilir, hazırda 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Səfir 15-dən çox dövlətin milli qanunvericilik orqanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair çoxsaylı qətnamə və qərarlar qəbul etdiyini bildirib.
Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Xorvatiyanın sabiq Prezidenti Josip Mesiç bildirib ki, Xocalıda törədilmiş soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn açıq-aşkar pozulmasıdır, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda hüquqi-siyasi qiymətini almalıdır.
Daha sonra ABŞ-ın nüfuzlu “Red Rock” film festivalının 2017-ci ildə proqramına daxil edilmiş “Zülmətdən qaçarkən” sənədli filmi nümayiş olunub.
Filmin nümayişindən sonra Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş Xorvatiya və Azərbaycan klassik musiqisindən ibarət anım konserti təşkil edilib.
Tədbirdə Xorvatiyanın dövlət və ictimai xadimləri, Xorvatiyada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Xocalı faciəsinin qurbanlarına həsr edilmiş anım tədbirində geniş monitorda Xocalı soyqırımı qurbanlarının adları və faciə ilə bağlı məlumatlar nümayiş olunub.