MƏDƏNİYYƏT
Xorvatiyada keçirilən Vinkovci Payız Festivalında Azərbaycanın mədəniyyəti, adət-ənənələri barədə məlumat verilib
Zaqreb, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Zaqrebdəki səfirliyi və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyəti Xorvatiyanın Vinkovci şəhərində bu ölkənin Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Vinkovci Payız Festivalı çərçivəsində “Dünya saç düzümləri” adlı tədbirdə iştirak edib. Festivalda Xorvatiyada yaşayan xalqların milli geyim eksponatlarından ibarət səyyar, eləcə də xalqların müxtəlif dövrlərə aid olan milli geyimlərinin sərgisi də təşkil edilib.
Tədbirdə, həmçinin Xorvatiyada fəaliyyət göstərən diplomatik missiyaların təmsil etdikləri ölkələrə məxsus milli geyimlər və ənənəvi saç düzümləri ilə tanışlıq olub. Festivalda xalqımıza məxsus milli ornamentlər təsvir olunmuş qadın geyimi və saç düzümü nümayiş etdirilib. Tədbirə gələn qonaqlara Azərbaycan tarixi, mədəniyyəti və adət-ənənələri barədə məlumat verilib. Yerli televiziya tərəfindən işıqlandırılan festivalı hər il minlərlə turist ziyarət edir və nümayiş olunmuş eksponatlar Xorvatiyanın “Etnoreviya” jurnalında çap etdirilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb