REGİONLAR
Xudat şəhərində 432 şagird yerlik yeni məktəb binası istifadəyə verilib VİDEO
Xaçmaz, 12 fevral, Elxan Yusifli, AZƏRTAC
Fevralın 12-də Xaçmaz rayonunun Xudat şəhərində yeni tikilən 432 şagird yerlik məktəb binası istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Telman Fərzəliyev adına Xudat şəhər 1 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisinə ötən ilin dekabr ayından başlanılıb. İkimərtəbəli binada sinif otaqları, laboratoriyalar, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, 260 yerlik akt zalı, kitabxana və 144 yerlik yeməkxana var.
Açılış mərasimində Təhsil Nazirliyinin ümumi təhsilin məzmunu, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini İlhamə Nəzərova, Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri İnqilab Musayev və məktəb direktoru iştirak edib.
Məktəbin direktoru Ayaz Mirzəyev bildirib ki, əvvəlki bina 93 il öncə istifadəyə verildiyindən müasir tələblərə uyğun gəlmirdi. Yeni təhsil müəssisəsinin inşası təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.
Üç korpusdan ibarət təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz olunub. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikilib.