SİYASƏT
Xüsusi Dövlət Mühafizə Xidməti böyük və şərəfli yol keçib
Bakı, 23 avqust, AZƏRTAC
Avqustun 23-ü Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günüdür.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Xidmətin şəxsi heyəti Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri və əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Peşə bayramı münasibətilə keçirilən mərasimdə çıxış edən Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov şəxsi heyəti təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1993-cü ildə yaradılan, əsas vəzifəsi Azərbaycan Prezidentinin, digər dövlət mühafizəsi obyektlərinin, həmçinin respublikamızda səfərdə olan xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi olan Xüsusi Dövlət Mühafizə Xidməti ötən 23 ildə böyük və şərəfli yol keçib. Prezident İlham Əliyev 2008-ci il avqustun 23-nü Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının 2016-cı il 22 avqust tarixli Sərəncamı ilə Xidmətin hərbçi qulluqçularının bir qrupu peşə bayramı günü münasibətilə orden və medallarla təltif edilib.