CƏMİYYƏT
Xüsusi karantin rejimi ilə əlaqədar Mingəçevirdə növbəti reyd keçirilib
Bakı, 13 avqust, AZƏRTAC
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları ictimai nəqliyyatda və qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı şəhərdə fəaliyyət göstərən bir neçə gözəllik salonunda, mağazalarda və digər qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə rast gəlinib. Onlarla profilaktik söhbətlər aparılıb, qaydalara riayət etmələrinin vacibliyi izah olunub. Həmçinin şəhərdaxili sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələri də Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Bəzi sürücülərin və sərnişinlərin tibbi maskadan istifadə etmədikləri aşkarlanıb.
Qaydaları pozan şəxslər barədə qanunauyğun tədbirlər görülüb.