DÜNYA
Xüsusi nümayəndə: Vaşinqton Pxenyanla danışıqlardan imtina etmək fikrində deyil
Bakı, 16 dekabr, AZƏRTAC
Vaşinqton Pxenyanla danışıqlardan imtina etmək və bunun üçün “son vaxt” qoymaq niyyətində deyil.
AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyada səfərdə olan ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Stiven Biqan deyib. “Bizim iki liderin (ABŞ prezidenti və KXDR lideri) üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək məqsədimiz var”, - deyə diplomat bildirib. Stiven Biqanın sözlərinə görə, ABŞ bu il Şimali Koreya ilə danışıqlarda ümid etdiyi irəliləyişə nail olmayıb.
O, həmçinin KXDR-i təxribatlara yol verməməyə çağıraraq deyib: “Biz Şimali Koreyanın yaxın günlərdə iri təxribatlar həyata keçirmək üçün güclü potensiala malik olduğunu bilirik. Belə fəaliyyətlər Koreya yarımadasında sülhün bərqərar olunmasına fayda vermir”.
Bazar günü Cənubi Koreyaya səfər edən Stiven Biqanın Prezident Mun Ce-inlə görüşü planlaşdırılır. O, həmçinin Koreya Respublikasının sülh və təhlükəsizlik üzrə xüsusi nümayəndəsi Li Du Hunla görüşərək KXDR-lə nüvəsizləşdirmə məsələləri üzrə dialoq imkanlarını müzakirə edəcək.
Bir qədər əvvəl KXDR Xarici işlər nazirinin müavini Ri The Son ABŞ-ın dialoqun bərpasına can atması ilə bağlı ritorikasına Pxenyanın daha inanmadığını bildirmişdi.