ELM VƏ TƏHSİL
Xüsusi qabiliyyət tələb edən ixtisaslarda təhsil almaq istəyən abituriyentlər aprelin 15-dən 30-dək seçmə turda iştirak etməlidirlər VİDEO
Bakı, 29 mart (AZƏRTAC). Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra aprelin 15-dən 30-dək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yaradılmış müvafiq qabiliyyət imtahanı komissiyalarına tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməklə seçmə turda iştirak etməlidirlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, qabiliyyət imtahanı komissiyalarında abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edirlər. Test imtahanlarında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edirlər.
Qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı bütün məlumatlar “Abituriyent” jurnalının müvafiq bölmələrində verilmişdir.