REGİONLAR
Xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələri payız-qış mövsümü istismarı şəraitinə keçirilir
Naxçıvan, 5 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iş planına uyğun olaraq Mülki Müdafiə Alayının bazasında xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin payız-qış mövsümü istismarı şəraitinə keçidi ilə əlaqədar nümunəvi məşğələ keçirilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məşğələnin məqsədi texnikaların, avadanlıqların və cihazların sıradan çıxmasının, baş verə biləcək nasazlıqların və qəzaların aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirilməsini təmin etməkdən ibarətdir. Bundan başqa texnikalara, aqreqatlara və mexanizmlərə qulluğun göstərilməsi, tələb olunan sənədlərin hazırlanması və işlənilməsi qaydalarının şəxsi heyətə öyrətmək də qarşıya qoyulan vəzifələr sırasındadır.
Üç təlim yerindən, 18 tədris nöqtəsindən ibarət məşğələnin nəzəri hissəsində çıxış edən Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov, xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin payız-qış mövsümü istismarı şəraitinə keçidi ilə əlaqədar imzalanmış əmrin və təlimnamələrin tələblərini şəxsi heyətə çatdırıb.
Birinci təlim yerində texniki park sənədlərinin işlənilməsi qaydaları, parklarda daxili qayda-qanunun saxlanılması, mövsümi xidmət zamanı ideoloji işin və tibbi təminatın təşkili, avtomobil texnikalarına mövsümi xidmət göstərilməsi qaydaları və digər məsələlər məşğələ rəhbərləri tərəfindən izah olunub. İkinci təlim yerində qəza-xilasetmə, yük-sərnişin və əməliyyat-minik avtomobillərinə, motosikletlərə, akkumulyator batareyalarına texniki xidmətin göstərilməsi izah olunub, alpinist avadanlıqlarına və digər xilasetmə vasitələrinə mövsümü xidmətin aparılması qaydaları barədə məlumat diqqətə çatdırılıb.
Daha sonra məşğələyə yekun vurulub, xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin payız-qış mövsümü istismarı şəraitinə keçid dövrünün təyin olunmuş müddətdə başa çatdırılması və təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı komandir-rəis heyətinə tapşırıqlar verilib.