DÜNYA
YAPONLAR NİYƏ BƏDBİNDİRLƏR?
AZƏRTAC-ın İTAR-TASS Agentliyindən aldığı xəbərdə deyilir ki, bütün Asiya ölkələrinin sakinləri arasında gələcək barəsində ən nikbin olanlar, ailədə və ölkədə vəziyyətdən razı qalanlar Vyetnam sakinləridir. Vyetnam əhalisinin üçdə iki hissəsi öz həyatından razıdır və hesab edir ki, qarşıda onları ən fərəhli perspektivlər gözləyir. Əhalinin 92 faizi ölkədə iqtisadi vəziyyətin yaxşı olduğunu söyləyir. Bu məlumatı bir qrup ABŞ sosioloqu iki il ərzində apardığı sorğu nəticəsində əldə etmişdir. Sorğu 44 ölkədə keçirilmişdir.
Demə, sabahkı günə möhkəm əminlik digər Asiya ölkələrinin, xüsusən Hindistan və Çin sakinlərinin də böyük əksəriyyətinə xas imiş. Vyetnamlılar, hindistanlılar və çinlilər əmindirlər ki, son beş ildə onların həyatı nəzərəçarpacaq dərəcədə firavanlaşmışdır.
Amma Yaponiyanın sakinləri, əksinə, görünməmiş ruh düşgünlüyü və bədbinlik nümayiş etdirirlər. Yaponların 93 faizi bildirmişdir ki, ölkədə iqtisadi vəziyyət pisdir, 27 faizi isə hesab edir ki, sabahkı gün onlar üçün ürəkaçan bir şey vəd etmir. Buna baxmayaraq, başqa Asiya xalqlarından fərqli olaraq, yaponlar iqtisadi çətinlikləri şəxsi xarakterli əsas problem saymırlar.