REGİONLAR


YAP Bərdə rayon təşkilatının üzvləri yaralı hərbi qulluqçu Nicat Abbasova baş çəkiblər

Bərdə, 25 sentyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının kollektivi sentyabrda Ermənistanın növbəti təxribatlarının qarşısının alınması zamanı yaralanmış Azərbaycan ordusunun hərbi qulluqçusu Yeni Daşkənd kənd sakini Abbasov Nicat Əbülfət oğluna baş çəkiblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nicat Abbasovla görüş zamanı YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, komandanlığı, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik həsrətə son qoyuldu. 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü. Ancaq bunu həzm edə bilməyən düşmən öz hərbi təxribatlarını törətməkdə davam edir. Lakin düşmənin bütün təxribatları şanlı ordumuz tərəfindən qətiyyətlə dəf edilir, düşmən məğlub olaraq, geriyə çəkilməyə məcbur edilir. Bu gün qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.

Görüş zamanı Nicatın və onun qardaşı Natiqin hərbidəki xidmətlərindən və döyüş yolundan danışılıb. Bildirilib ki, çavuş Nicat müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi qardaşı Natiqlə birlikdə Azərbaycan Silahlı Qüvvələrində Vətənə xidmət edir. Hər iki qardaş 2020-ci il sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Prezident İlham Əliyevin Sərəncamları ilə Nicat “Vətən uğrunda”, Natiq isə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Nicat düşmənin 2022-ci ilin sentyabr təxribatının qarşısının alınmasında iştirak edib, döyüş zamanı düşmənin atdığı qumbaranın partlaması nəticəsində yaralanıb, hospitalda əməliyyat olunaraq evinə qayıdıb.

Nicat və onun valideynləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində qazilərə göstərilən diqqət və qayğıdan məmnunluqlarını ifadə ediblər.

YAP rayon təşkilatının sədri və məsul işçiləri ailənin çətinlikləri ilə maraqlanıb və bəzi problemlərin həlli üçün köməkliklər göstəriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.