CƏMİYYƏT
YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Suraxanı rayonundakı 2 saylı uşaq evində görüş keçirilib
Bakı, 24 dekabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə Suraxanı rayonundakı 2 saylı uşaq evində görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmuş körpələrə, həmçinin onlara gecə-gündüz xidmət edən insanlara mənəvi dəstəyin gənclərin borcu olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, belə bir gün ərəfəsində qayğıya daha çox ehtiyacı olan kimsəsiz uşaqlarla görüşmək, onlarla birlikdə olmaq ənənəsi məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün də bu ənənə davam etdirilir. Ölkəmizdə kimsəsiz uşaqlar üçün bütün şərait yaradılıb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə böyük layihələr həyata keçirir. Bu ənənələrin davam etdirilməsi, gənclərimizin bu məkanlara diqqətinin artırılması istiqamətində YAP gənclərinin təşkil etdiyi ziyarətlər də davamlı olacaq.
YAP Gənclər Birliyinin açdıqları bayram süfrəsi və tanınmış müğənnilərin iştirakı ilə əyləncə proqramı uşaq evinin sakinlərinin sevincinə səbəb olub. Gənc fəallar qayğıya ehtiyacı olan uşaqlara müxtəlif məktəb ləvazimatları və hədiyyələr təqdim ediblər.