CƏMİYYƏT


YAP Xızı rayon təşkilatının IX hesabat konfransı keçirilib

Bakı, 4 sentyabr, AZƏRTAC

Sentyabrın 4-də Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının videoformatda IX hesabat konfransı keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf yolunda əmin addımlarla irəliləyən ölkəmiz dövrün, zamanın tələblərinə uyğun olaraq müəyyənləşdirilən siyasət və hədəflərlə daha da güclənib.

F.Haqverdiyev deyib ki, hazırda YAP Xızı rayon təşkilatı 40 ərazi ilk partiya təşkilatında 1787 üzvü birləşdirir. Onların 853 nəfəri qadınlar, 782 nəfəri isə gənclərdir. Hesabat dövrünə partiya rayon təşkilatının sıralarına 31 nəfər üzv qəbul edilib.

Sonra Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının Nəzarət Təftiş Qrupunun sədri Bəşir Mürsəlovun hesabat məruzəsi dinlənilib.

Müzakirələr zamanı YAP Xızı rayon təşkilatı İdarə Heyətinin üzvü, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Milli Məclisinin deputatı Müşfiq Məmmədli, rayon təşkilatı İdarə Heyətinin üzvləri - Qadınlar Şurasının sədr müavini Svetlana Rüstəmova və Xatirə Həşimzadə, rayon təşkilatı Gənclər Birliyinin sədri İman Ağayev çıxış edərək rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası fəaliyyət göstərdiyi 29 il ərzində böyük inkişaf yolu keçib, möhtəşəm uğurlara imza atıb. Hazırda YAP Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır.

Ə.Tağıyev vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımız azad edilib, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Dünyaya səs salan tarixi Zəfərimiz nəticəsində yaradılan yeni reallıqlar Azərbaycanın mövqeyini dünya miqyasında daha da möhkəmləndirib. Bu Zəfər Azərbaycanın gücünü və qüdrətini bütün dünyaya bir daha nümayiş etdirib.

Yeni mərhələdə partiyanın yerli təşkilatlarının üzərinə düşən vəzifələrdən ətraflı bəhs edən Ə.Tağıyev YAP Xızı rayon təşkilatının gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Konfransda YAP Xızı rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.