REGİONLAR


YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır

Ağcabədi, 21 noyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır. YAP-ın beynəlxalq aləmdə də nüfuzlu siyasi partiya kimi qəbul edilməsinin səbəbi onun xalqa söykənməsi, xalqdan qidalanmasıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə partiyanın Ağcabədi rayon təşkilatında keçirilən tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbirdə çıxış edərək partiyanın keçdiyi şərəfli yoldan, ötən dövr ərzində qazandığı uğurlardan danışıb. Bildirib ki, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəli ölkəmiz üçün ağır və ictimai-siyasi çətinliklərlə dolu olan dövr idi. Həmin vaxtlar respublikanı düşdüyü ağır vəziyyətdən çıxarmağa qadir olan bir siyasi partiyaya ehtiyac yaranmışdı. Şübhəsiz ki, bu partiyaya rəhbərlik edəcək şəxs xalq tərəfindən sevilən, cəsarət və gücünə inanılan, əməli ilə sözü bir olan, Vətənini böyük bir məhəbbətlə sevən, dərin zəkaya və praqmatik düşüncəyə malik bir insan olmalı idi. Belə bir çətin dövrdə ölkənin 91 nəfər ziyalısı yeni partiya yaratmaq və ona rəhbərlik etmək üçün ümummilli lider Heydər Əliyevə müraciət etdilər. Beləliklə, 1992-ci ilin noyabrın 21-də Naxçıvan şəhərində 550 nəfərin iştirakı ilə YAP-ın təsis konfransı keçirildi, partiyanın nizamnaməsi və proqramı qəbul edildi. Ulu öndər Heydər Əliyev açıq səsvermə yolu ilə Yeni Azərbaycan Partiyasının sədri seçildi.

Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası yaradıldığı gündən ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün öz proqram və nizamnaməsinə müvafiq olaraq siyasi mübarizəyə qatıldı. Qısa müddət ərzində YAP siyasi cəhətdən yetkinləşən, xalqı öz ardınca aparmağı bacaran böyük bir siyasi qüvvəyə çevrildi.

Tədbirdə çıxış edən rayon təşkilatının Qadınlar Şurasının sədri Radə Qafarova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktoru Mobil Məcidov və başqaları YAP-ın respublikanın həyatında oynadığı roldan, ümummilli lider Heydər Əliyevin partiyanın formalaşmasında, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində xidmətlərindən danışıblar.

Tədbirin yekununda YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri, partiya işində və rayonun ictimai-siyasi həyatında fərqlənənlərə fəxri fərmanlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.