REGİONLAR
YARARSIZ PESTİSİDLƏRİN VƏ AQROKİMYƏVİ MADDƏLƏRİN ZƏRƏRSİZLƏŞDİRİLMƏSİ MƏQSƏDİLƏ TƏDBİRLƏR GÖRÜLÜR
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən AZƏRTAC-a bildirmişlər ki, respublika ərazisində istifadəyə yararsız, qadağan olunmuş pestisidlərin, aqrokimyəvi maddələrin zərərsizləşdirilməsi və məhv edilməsi məqsədilə tədbirlər həyata keçirilmişdir.
Dövlət qeydiyyatından keçməyən, köhnə, toksiki xassəyə malik pestisidlərin yığılaraq zərərsizləşdirilməsi üçün regionlarda monitorinqlər aparılmışdır. Keçirilmiş monitorinqlər nəticəsində, təxmini hesablamalara görə, 2.790 tona qədər (o cümlədən 2.398 ton toz, 392 ton maye halında) vaxtı keçmiş, istifadəsi qadağan olunmuş pestisid qalığı aşkar edilmişdir.
Xidmətin bu məqsədlə yaradılmış işçi qrupunun üzvləri layihə-smeta sənədlərinin hazırlanması məqsədilə pestisidlər poliqonunda olmuş və lazımi hazırlıq işləri görmüşlər. Cari ildə Abşeron, Salyan rayonları ərazisində və respublikanın digər yerlərində, pestisidlərin zərərsizləşdirilməsi, çirklənmiş torpaqların rekultivasiyası işlərinə başlanacaqdır.