MƏDƏNİYYƏT
“YARAT” növbəti dəfə gənc musiqiçiləri bir araya toplayacaq
Bakı, 28 iyul, AZƏRTAC
Avqustun 7-də “YARAT” Müasir İncəsənət Mərkəzi gənc musiqiçilər üçün “Yay düşərgəsi” layihəsi çərçivəsində musiqi proqramı təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, proqram gənc dirijor, Bakı Musiqi Akademiyasının məzunu və beynəlxalq müsabiqələr laureatı Fərhad Qarayusiflinin rəhbərliyi ilə təşkil olunacaq.
Bir həftəlik düşərgə müddətində iştirakçılar “YARAT”da nümayiş olunan “Qazaxıstan üzərində günəş və neonlar” sərgisində yer alan əsərləri araşdıraraq musiqi proqramı hazırlayacaqlar.
Proqrama 8-16 yaşlı musiqiçilər qatıla bilər. Eyni zamanda, iştirakçıların hər hansı musiqi alətini ifa etməkdə ən azı iki illik təcrübəsi olmalıdır.
Düşərgə iştirakçılarının yekun siyahısı öncədən baş tutacaq seçimlərdən sonra təsdiqlənəcək. Proqrama avqustun 12-də təşkil ediləcək konsertlə yekun vurulacaq.
Proqramın əsas məqsədi müasir incəsənətə musiqi prizmasından yanaşmaqdır.