MƏDƏNİYYƏT
“YARAT”da kolumbiyalı rəssamın əsərləri sərgilənir
Bakı, 9 noyabr, AZƏRTAC
Noyabrın 8-də “YARAT” Müasir İncəsənət Mərkəzində Norveçdə yaşayan və fəaliyyət göstərən Kolumbiya əsilli rəssam Pedro Qomez-Eqanyanın fərdi sərgisinə pres-tur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, rəssamın “Sleypnir” adlı sərgidə nümayiş olunan yeni sənət əsəri onun daim təzələnən “Rəsədxana” (“Observatory”) silsiləsinin bir hissəsidir.
Sərginin kuratoru Suad Qarayeva-Maleki jurnalistlərə məlumat verib ki, rəssam tərəfindən qurulmuş bu genişmiqyaslı pavilyon strukturlu instalyasiya tamaşaçıya xüsusi multisensorlu, immersiv təsir göstərir. Öz ilhamını Xəzərdən alan bu sərgi “YARAT”ın Bakı şəhərinin müxtəlif məkanlarında həyata keçirəcəyi genişmiqyaslı, bir çox fənləri əhatə edən teatr və performanslar tədbiri, M.A.P. Bakı Beynəlxalq İncəsənət Festivalı ilə eyni vaxta təsadüf edir.
Bu pavilyona bənzər əsər tamaşaçını öz adi məkan qavrayışını “rituallaşdırması”na vadar edir, bizi, öyrəşdiyimiz ölçülərin hüdudlarından kənara çıxarır. İnstalyasiyanın daxilində “məkan içində məkan” kimi qurulan mexaniki komponentlər müxtəlif laylı seqmentlərdən ibarətdir. Bu seqmentlərdə aramsız olaraq dəyişikliklər baş verir, sanki onlarda hansısa kabus var. Sözün geniş mənasında, Pedro Qomez-Eqanya öz bədii təcrübəsinin xoreoqrafiya və işıq oyunu kimi səciyyəvi elementlərini bir araya gətirir, daha sonra tamaşaçını müəyyən ardıcıllıqla xüsusi qurulmuş sərgi məkanının ayrı-ayrı sahələrinə istiqamətləndirməklə zaman və müəllif hekayəsi ilə bağlı duyğuları manipulyasiya edir.
Bildirilib ki, instalyasiya öz ilhamını məşhur norveçli səyyah Tur Heyerdalın geniş səs-küyə səbəb olmuş “Odinin axtarışları” (“The Search for Odin”) kitabından götürüb. Belə ki, Azərbaycana etdiyi çoxsaylı səfərlərdən birində tanınmış səyyah qayaüstü oyma rəsmlərin bədii üslubunun Norveçdə rast gəldiyi oxşar qədim rəsmlər ilə uyğunluq təşkil etdiyini aşkar edir. O, Azərbaycanın müasir sivilizasiyanın beşiyi olması və azərbaycanlıların bir vaxtlar Şimala, Skandinaviyaya köç etməsi ilə bağlı qənaətə gəlir. Bu səbəbdən, o, məşhur vikinqlərin əcdadının məhz qədim Xəzər bölgəsindən qaynaqlanmasına dair elmi fərziyə irəli sürür. Elə “Sleypnir” sərgisi də öz adını Norveç mifologiyasının tanrısı Odinin səkkizayaqlı atının adından götürüb, çünki Tur Heyerdalın nəzəriyyələrində Odin məhz bu atın üstündə Azərbaycandan Skandinaviyaya səfər edib.
Pedro Qomez-Eqanya öz instalyasiyasına ayrı-ayrı ifaçılar tərəfindən oxunan, məkan daxilində vahiməli ab-hava təəssüratını bəxş edən musiqili səs elementi də daxil edib. Norveç musiqisini Azərbaycanın folklor mahnıları ilə bir araya gətirən bu instalyasiya Tur Heyerdalın sanki “ifşa olunmuş” nəzəriyyəsini vurğulayır. Azərbaycanın tarixi və geosiyasi xüsusiyyətləri ilə maraqlanan rəssam öz əsərini “müasir və tarixi texnologiyalar və onların bizim təcrübəmizi, zamanla bağlı qavrayışımızı necə təyin etməsi ilə bağlı tənqidi baxış” adlandırır.
Noyabrın 11-dək davam edəcək sərgi ilə hər kəsin tanış olmaq imkanı var.