CƏMİYYƏT
“YAŞAT” Fondunun təşəbbüsü ilə ölkəmizə gələn israilli həkimlər tərəfindən qazilərimizin müayinə və müalicəsi başa çatıb VİDEO
Bakı, 9 mart, AZƏRTAC
“YAŞAT” Fondunun təşəbbüsü ilə ölkəmizə gələn israilli həkimlər tərəfindən qazilərimizin müayinə və müalicəsi başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, 8 gün ərzində israilli həkimlər 141 qazimizi müayinə ediblər. Onlardan 31-i əməliyyat edilib, 58-nə protez göz taxılıb.
Xatırladaq ki, "YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.
Səkkiz nəfərlik həkim heyəti Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədilə humanitar yardım çərçivəsində ölkəmizdə olub.
Həkimlər gözündən zədə almış hərbçilərimizin müayinəsini və əməliyyatlarını həyata keçiriblər.
“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı mərkəzi” fəaliyyət göstərir.