CƏMİYYƏT
“YAŞAT” düşərgəsinin ilk həftəsi başa çatıb
Bakı, 17 iyul, AZƏRTAC
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən “YAŞAT” düşərgəsinin ilk həftəsi başa çatıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, səhər idmanında uşaqlara Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən xatirə hədiyyələri təqdim edilib.
Uşaqlar “Face art” tədbirində, o cümlədən musiqili əyləncə proqramda xoş vaxt keçiriblər.
Düşərgədə olduqları müddətdə iştirakçılara tərəfdaş qurumlar tərəfindən müxtəlif hədiyyələr təqdim olunub, onların İctimai Radionun direktoru DJ Fateh ilə görüşü də təşkil edilib.
Birinci “YAŞAT” düşərgəsinin bağlanış mərasimi keçirilib və iştirakçılara sertifikatlar təqdim olunub.
Xatırladaq ki, ümumilikdə 300-dək uşağı əhatə edən 6 düşərgənin təşkil edilməsi nəzərdə tutulub. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar keçirilməsi və yekunda müğənnilərin iştirakı ilə konsert proqramının keçirilməsi planlaşdırılıb. Hər düşərgə ümumilikdə 6 günü əhatə edir.
Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radiodur.
Düşərgənin baş sponsorları “Lankaran springs” otel, “PMD Hospitality”dir.
Sponsorlar “Paşa Həyat”, “Bravo”, AFFA, “Gazelli Group”, “Amo Group”, “Rabitəbank”, “Decoria”, “Port of Baku”, “Ali Nino”, “Mango, “Next”, “Slavyanka”, “Shokki Mokki”, “Panda Kids”, “Civil” “Oven” “Azərsun” , “Gallery Kids” , “Setex group” , “Happy day cake”, logistika dəstəyi Bakı Nəqliyyat Agentliyidir.