YENİ AZƏRBAYCAN PARTİYASININ ÜZVLƏRİ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası İdarə heyətinin, Siyasi Şurasının üzvləri, minlərlə partiya fəalı 20 Yanvar faciəsinin 17-ci ildönümü ilə əlaqədar yanvarın 19-da Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda canlarından keçən qəhrəman övladlarımızın məzarları üstünə tər qərənfillər düzmüşlər. Yeni Azərbaycan Partiyası adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.
Həmin gün partiyanın mərkəzi qərargahında Bakı şəhərində yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilmişdir. Partiya sədrinin müavini, icraçı katib, Milli Məclisin deputatı Əli Əhmədov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi tarixi cinayətin dəhşətlərindən danışdı. O dedi ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılması üçün böyük işlər görülür. Ümummilli lider Heydər Əliyev xalqımızın qəhrəman oğullarının xatirəsinə dərin ehtiramı ilə həmişə nümunə olmuşdur. Ulu öndərimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Yeni Azərbaycan Partiyası da şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmağı, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyi, problemləri ilə maraqlanmağı, kömək etməyi özünə borc bilir. Qədirbilən xalqımız hər zaman şəhidlərimizin əziz xatirəsini uca tutacaqdır.
Şəhid ailələri adından çıxış edənlər göstərilən həssas münasibətə görə dərin minnətdarlıqlarını vurğuladılar. Bildirildi ki, Yeni Azərbaycan Partiyası və onun yerli təşkilatları həmişə şəhid ailələrinin üzvləri ilə təmasda olur, qayğılarını əsirgəmir, mənəvi dayaq dururlar.
Görüşün sonunda partiya tərəfindən hər bir şəhid ailəsinə maddi yardım göstərildi.